Bağırsağın hər gün təxminən eyni saatlarda işləməsi insan sağlamlığı üçün vacib sayılır. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, qastroenteroloq Leybelis Padilya bu mövzuda maraqlı məsləhətlər verərək bildirib ki, tualetə getmə ehtiyacı gündəlik sabit vaxtda yaranırsa, bu, bədənin ritminin düzgün işlədiyini göstərir. Həkimin sözlərinə görə, bağırsaqların fəaliyyəti insan həyat tərzi ilə sıx bağlıdır və onun necə işləməsi gələcəkdə sağlamlıq problemlərinin yaranma riskini də əks etdirə bilər.

Aparılan tədqiqatlar göstərib ki, sağlamlıq baxımından ən optimal vəziyyət gündə bir və ya iki dəfə nizamlı defekasiya ilə müşahidə olunur. Mütəxəssis bildirir ki, bağırsağın “qrafiklə” işləməsi təsadüfi proses deyil, insanın yuxu rejimi, qidalanması və su qəbulundan asılıdır. Bu səbəbdən əvvəlcə yatmaq və oyanmaq saatlarını stabil saxlamaq tövsiyə edilir. Eyni zamanda, gündəlik menyuya daha çox lifli qida — tərəvəz, meyvə, tam taxıllar və paxlalılar — əlavə etmək bağırsaq hərəkətini aktivləşdirir və nəcisin formalaşmasını asanlaşdırır.

Leybelis Padilya səhərə bir stəkan su ilə başlamağın vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, günə maye ilə başlamaq orqanizmi oyadır, bağırsağın işləməsinə təkan verir və metabolizmi aktivləşdirir. Həkim kofe ilə günə başlamağı tövsiyə etmir, çünki kofein sidikqovucu təsir göstərərək bədənin maye ehtiyatını azalda bilər.

Mütəxəssis həmçinin qeyd edir ki, bağırsağın sabit ritmi ancaq kompleks yanaşma ilə formalaşa bilər: düzgün yuxu, kifayət qədər su içmək, lifli qidalar, fiziki aktivlik və stressdən uzaq durmaq bu sistemin əsas açarlarıdır. Davamlı şəkildə bu qaydalara əməl edən insanlarda bağırsaq fəaliyyəti daha proqnozlaşdırıla bilən olur və həzm rahatlığı xeyli artır.