Alimlər insan ömrünün uzadılmasına kömək edə biləcək maraqlı qida məhsulu ilə bağlı yeni nəticələr açıqlayıblar. Araşdırmaya görə, gündəlik qida rasionunda müəyyən giləmeyvənin olması sağlamlığa müsbət təsir göstərə və ömür müddətini artırmağa kömək edə bilər.

Foodinfo.az BB.lv saytına istinadla xəbər verir ki, Qərbi Yeni İngiltərə Universitetinin tədqiqatçıları üzümün uzunömürlülüyə təsirini araşdırıblar. Alimlər xüsusi pəhriz tətbiq olunan gəmiricilər üzərində təcrübə aparıblar və onların qida rasionuna üzüm tozu əlavə ediblər.

Təcrübə zamanı istifadə edilən üzüm tozunun miqdarı təxminən bir səbət təzə üzümə bərabər olub. Bu əlavəni qəbul edən siçanlarda qaraciyərdə piy yığılmasının azaldığı və həyat müddətinin uzandığı müşahidə edilib. Nəticələr üzüm tozu qəbul etməyən nəzarət qrupu ilə müqayisə olunub.

Tədqiqatçılar hesab edirlər ki, üzüm sinir hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirir və kalori yandırılmasını artırır. Bundan əlavə, bu giləmeyvənin Alzheimer xəstəliyindən qoruyucu təsir göstərə biləcəyi də qeyd olunur. Bu səbəbdən alimlər üzümün müntəzəm istehlakının insan ömrünü 4–5 ilədək uzada biləcəyini ehtimal edirlər.