Qış aylarında istifadə olunan buzəritmə maddələrinin qalıqları yazda da ətraf mühitdə qalaraq insan sağlamlığına təsir göstərə bilər. Mütəxəssislər bildirir ki, yollar və səkilərdə toplanan tozun tərkibində bu maddələrin hissəcikləri olur. Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, terapevt yaz mövsümündə reaktivlərin təsiri ilə bağlı açıqlama verib.

Həkimin sözlərinə görə, bu maddələr damar sisteminə birbaşa təsir göstərmir. Lakin xüsusilə zədələnmiş dəri ilə təmas zamanı qıcıqlanma, kontakt dermatit və allergik reaksiyalar yarana bilər. Nəticədə həmin nahiyədə yüngül şişkinlik müşahidə oluna bilər ki, bu da ümumi ödemlərlə eyni hesab edilmir.

Qeyd olunur ki, müasir reaktivlər əsasən az təhlükəli sayılır və onların tərkibinə natrium xlorid (duz), kalsium xlorid, həmçinin müxtəlif turşu duzları daxildir. Bununla belə, mütəxəssislər yaz aylarında açıq dərini qorumağı, küçədən sonra əlləri yumağı və allergiyaya meyilli şəxslərin daha diqqətli olmasını tövsiyə edirlər.