Ağız boşluğunda 700-dən çox bakteriya növü yaşayır və onların bir hissəsi sağlamlıq üçün faydalı olsa da, digərləri müxtəlif xəstəliklərə səbəb ola bilər.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, neyrobioloq Robert Love ağız boşluğunda yaşayan bəzi zərərli bakteriyaların parodontit kimi problemlərə yol aça biləcəyini bildirib. Xüsusilə Porphyromonas gingivalis adlı bakteriya iltihabi prosesləri gücləndirir və diş əti xəstəlikləri ilə əlaqələndirilir. Araşdırmalara görə, bu mikroorqanizm koqnitiv pozuntular və hətta Alzheimer xəstəliyi riskinin artması ilə də assosiasiya olunur.

Mütəxəssisin sözlərinə görə, çuğundur şirəsi bu bakteriyaya qarşı mübarizədə faydalı ola bilər. Çuğundurun tərkibindəki təbii birləşmələr iltihabı azaltmağa və ağız boşluğunda mikrobioloji balansı dəstəkləməyə kömək edir.

Ekspert gündəlik rasiona qırmızı çuğundur əlavə etməyi və ya təzə sıxılmış çuğundur şirəsi içməyi tövsiyə edir. Bununla belə, ağız və diş sağlamlığı ilə bağlı ciddi problemlər olduqda stomatoloqa müraciət etmək vacibdir.