Gündəlik istifadə etdiyimiz bəzi qida və içkilərin tərkibində az miqdarda spirt ola bilər. Bu hal xüsusilə müəyyən sağlamlıq qrupları üçün diqqət tələb edir. Foodinfo.az Abzas saytına istinadla xəbər verir ki, qastroenteroloq Nuriya Dianova bəzi məhsullarda gizli spirtin mövcud ola biləcəyini bildirib.
Onun sözlərinə görə, qıcqırma yolu ilə hazırlanan içkilərdə spirt izi qalır. İlk növbədə kefir, kımız, tan və ayran kimi turş süd məhsullarında, həmçinin kvas və çay göbələyi içkisində az miqdarda spirt ola bilər. Həkim əlavə edib ki, həddindən artıq yetişmiş meyvə və giləmeyvələr uzun müddət qaldıqda qıcqırmağa başlayır. Belə məhsullarda spirt miqdarı adətən 1 faiz ətrafında olur, kımızda isə bu göstərici 2,5 faizə çata bilər.
Mütəxəssis vurğulayıb ki, hətta bu qədər az miqdar belə hamilə qadınlar, uşaqlar, qaraciyər xəstəliyi olanlar, mədə yanmasından əziyyət çəkənlər və onkoloji müalicə alan şəxslər üçün risk yarada bilər. Bu səbəbdən belə məhsulların qəbuluna diqqətlə yanaşmaq tövsiyə olunur.






