Pasta axşam süfrələrinin ən sevilən yeməklərindən biri olaraq həm doyumlu, həm də rahat hazırlanması ilə seçilir. Düzgün bişirilmiş pasta müxtəlif souslarla tamamlandıqda daha şirəli, ətirli və zəngin dad qazanır. Foodinfo.az dietology.pro saytına istinadla xəbər verir ki, bir neçə sadə, lakin dadlı sous resepti istənilən pastanı xüsusi və yaddaqalan yeməyə çevirə bilər.
Göbələk sousu pastaya yumşaqlıq və təbii ətir verir, bunun üçün doğranmış soğan və sarımsaq yağda qovrulur, üzərinə dilimlənmiş göbələk əlavə edilərək bir müddət bişirilir, daha sonra xama və tomat qatılıb qarışdırılır. Yaşıl ədviyyatlarla tamamlanan bu sous xüsusilə klassik makaron növləri ilə uyğunlaşır. Reyhanlı sous isə təzə reyhan, qoz ləpəsi, sərt pendir, qara istiot və yağın birlikdə əzilməsi ilə hazırlanır və süfrəyə ətirli bir dad gətirir. Qaymaqlı sous üçün qaymaq və sürtgəcdən keçirilmiş pendir qarışdırılır, az miqdarda duz və istiot əlavə olunur və bu sous dəniz məhsulları və ya göbələkli pastalarla gözəl uyğunlaşır.
Pendirdən hazırlanan sousda yağ əridilir, üzərinə un və süd əlavə edilərək qarışıq qatılaşana qədər bişirilir, daha sonra pendir qatılaraq tam həll olunana qədər saxlanılır. Sarımsaqlı sous xama və əzilmiş sarımsağın qarışdırılması ilə əldə edilir və acı sevənlər üçün uyğun seçim sayılır. Pomidor əsaslı sousda isə soğan və sarımsaq yağda qovrulur, üzərinə pomidor, tomat və ədviyyatlar əlavə edilərək bişirilir, sonda isə hamar kütlə alınana qədər əzilir, reyhanlı pomidor sousu isə əlavə olaraq təzə reyhanla zənginləşdirilir və ətli yeməklərlə birlikdə təqdim oluna bilər. Bu souslar sayəsində adi pasta belə süfrənin ən seçilən yeməyinə çevrilir.






