
Küçə fastrfudunun populyarlığı artmağa davam edir. Foodinfo.az xəbər verir ki, lakin əlçatanlıq və dadlı görünüşün arxasında sağlamlıq üçün təhlükəli risklər gizlənir. Bu barədə Roskacestvo-nun Qida Təhlükəsizliyi üzrə Kompetensiyalar Mərkəzinin direktoru Yelena Spetsenko açıqlama verib.
Ekspertin sözlərinə görə, küçə yeməklərində əsas problem məhsulların düzgün temperatur rejimində saxlanılmamasıdır. Xüsusilə ət dolmaları, mayonez əsaslı souslar, təzə tərəvəz və göyərti ən riskli məhsullar hesab olunur. Onlar +4 dərəcədən yuxarı temperaturda uzun müddət saxlandıqda təhlükəli mikroorqanizmlərin sürətlə çoxalması baş verir.
Spetsenko həmçinin çarpaz çirklənmə təhlükəsinə diqqət çəkib. Kiçik köşklərdə tez-tez əl yumaq üçün ayrıca yer olmur, tərəvəz və çiy ətin eyni bıçaq və taxta üzərində doğranması isə bakteriyaların hazır yeməyə keçmə riskini artırır. Bu da salmonella kimi infeksiyalara yol aça bilər.
O, istehlakçılara satıcıların əlcəkdən istifadə etməsinə, məhsulların qapalı qablaşdırmada saxlanmasına diqqət etməyi tövsiyə edib. Ən böyük təhlükəni isə açıq qabda saxlanılan souslar yaradır. Mütəxəssis qeyd edib ki, mayonezli sousların soyuducusuz masada qalması mikroblar üçün ideal mühitdir.
Ekspertin sözlərinə görə, alıcılar yalnız təmizliyi qorunan, satıcıların səliqəli göründüyü və yeməklərin birbaşa müştərinin gözü önündə bişirildiyi məntəqələrə üstünlük verməlidirlər. Əvvəldən hazırlanmış və sadəcə qızdırılan məhsullar isə sağlamlıq üçün daha risklidir.
“Sadə gigiyena qaydalarına riayət olunarsa, küçə yeməyindən tamamilə imtina etmədən də riskləri minimuma endirmək mümkündür,” – deyə Yelena Spetsenko vurğulayıb.