Bəzi insanlar mineral suyu sağlamlığa faydalı hesab edib onu gündəlik adi su kimi içsə də, həkimlər bu vərdişin bədən üçün ciddi təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Foodinfo.az xəbər verir ki, “Gemotest” laboratoriyasının qastroenteroloqu, həkim-ekspert Yekaterina Kaşux RIAMO-ya müsahibəsində mineral suyun nəzarətsiz qəbulunun orqanizmdə balans pozğunluğuna səbəb ola biləcəyini bildirib.

Mütəxəssisin sözlərinə görə, müasir tibbin inkişafı ilə bərabər mineral suların bir vaxtlar malik olduğu müalicəvi əhəmiyyət də azalıb: “İndi onlar daha çox əlavə müalicə vasitəsi kimi və ümumi sağlamlığı dəstəkləmək məqsədilə istifadə olunur”. Kaşux vurğulayıb ki, xüsusilə müalicəvi-stol tipli sular yalnız kurs şəklində və həkim təyinatı ilə qəbul edilməlidir.

Mineral suyu uzun müddət və nəzarətsiz şəkildə içmək elektrolit balansının pozulmasına gətirib çıxara bilər. Bu, ürək, böyrəklər və sinir sisteminin işinə mənfi təsir göstərə və bədəndə su-duz mübadiləsini pozaraq ödemlərə, təzyiqin qalxmasına və hətta ürək ritminin pozulmasına səbəb ola bilər.

Ekspert həmçinin xəbərdarlıq edib ki, bəzən insanlar mineral suyu “daha faydalıdır” deyə gündəlik içməli su kimi istifadə edir, halbuki bu, orqanizm üçün əlavə yük yaradır. Kaşuxun fikrincə, gündəlik içməli su kimi sadə süzülmüş və ya qaynadılmış suya üstünlük verilməlidir.

Digər terapevt, Nadejda Çernışova da aif.ru-ya açıqlamasında sağlamlıqla bağlı bəzi məşhur yanlışlıqlara diqqət çəkib. Onun sözlərinə görə, boğaz ağrısı zamanı qaynar çay içmək düzgün deyil, çünki bu, selikli qişanı qıcıqlandıraraq vəziyyəti ağırlaşdıra bilər. Əvəzində isə ən sadə və təsirli üsullardan biri – bitki dəmləmələri ilə qarqara etməkdir.

“Şalfey, çobanyastığı, kalendula və ya bu bitkilərin qarışığını istifadə edə bilərsiniz – bir stəkan suya bir xörək qaşığı və ya bir paket kifayət edir”, – deyə həkim məsləhət görüb.

Mütəxəssislərin fikrincə, mineral suya həddindən artıq güvənmək və ya onun faydasını şişirtmək sağlamlıq üçün təhlükə yarada bilər. Ona görə də ən doğru yanaşma – həkim göstərişinə əsasən, qısa müddətli və məqsədli şəkildə qəbul etməkdir.