Qara gavalı həm dadlı, həm də vitamin və minerallarla zəngin olduğu üçün qida rasionunda mühüm yer tutur. Foodinfo.az xəbər verir ki, bu barədə “Womanhit.ru”ya açıqlamasında qidalanma üzrə mütəxəssis Elena Filimonova danışıb.

Onun sözlərinə görə, qara gavalı A, K, C, E vitaminləri, B qrupu vitaminləri, kalium, dəmir və antioksidantlarla zəngindir. Bu maddələr orqanizm üçün çoxsaylı faydalar təmin edir: yüksək lif tərkibi həzmi yaxşılaşdırır, qəbizliyin qarşısını alır və toksinlərin bədəndən çıxmasına kömək edir.

Filimonova vurğulayıb ki, kalium qan təzyiqini normallaşdırır və ürək-damar xəstəlikləri riskini azaldır. Qara gavalının müntəzəm istehlakı həmçinin sümüklərin möhkəmliyini dəstəkləyir, bu xüsusilə menopauza dövründə olan qadınlar üçün vacibdir. Antioksidantlar isə hüceyrələrin yaşlanmasını yavaşladır və xroniki xəstəliklərin inkişaf riskini azaldır.

Lakin qara gavalının istifadəsində diqqətli olmaq vacibdir. Filimonova xəbərdarlıq edir ki, onun həddindən artıq qəbulu qarında köp, diskomfort yarada bilər və həssas şəxslərdə allergik reaksiyalar meydana çıxa bilər. Həmçinin yüksək temperaturda qurudulan qara gavalıda akrilamid əmələ gələ bilər, buna görə ən yaxşısı, yumşaq və təbii üsullarla hazırlanmış quru meyvələri seçməkdir.

Faydanı maksimum çıxarmaq üçün qara gavalını düzgün seçmək lazımdır: meyvə tünd-qəhvəyi, mat, zədəsiz və yad qoxusuz olmalıdır. Onu saxlamaq üçün ən uyğun yer quru, sərin yer və ya soyuducu, hava keçirməyən qabdır.

Mütəxəssis tövsiyə edir ki, qara gavalıya alışmağa gündə 2–3 ədəd ilə başlasın və tədricən miqdarı artırılsın. Hər zaman meyvəni su ilə birlikdə qəbul etmək məsləhətdir. Bu, həzmə kömək edir və orqanizmdə faydalı maddələrin daha yaxşı mənimsənilməsini təmin edir.

Filimonova əlavə edib ki, qara gavalı həm təkbaşına, həm də salatlarda, yeməklərdə və qəlyanaltılarda istifadə oluna bilər. Onun düzgün qəbulu orqanizmdə enerji balansını qoruyur, immuniteti gücləndirir və ümumi sağlamlıq üçün dəstək verir.