Çoxları səhər yeməyində tez hazırlanması ilə seçilən sürətli sıyıqlara üstünlük versə də, qidalanma mütəxəssisləri bu məhsulların sağlamlıq üçün demək olar ki, heç bir fayda daşımadığını bildirirlər. Foodinfo.az xəbər verir ki, bu barədə “Gazeta.ru”ya açıqlamasında Rusiya Elmlər Akademiyasının akademiki A. A. Roqov adına Tətbiqi Biotexnologiya və Qida Mühəndisliyi İnstitutunun direktoru, texnika elmləri namizədi Dmitri Kulikov danışıb.

Onun sözlərinə görə, belə sıyıqların əsasını təşkil edən lopalar dənlərin sıxılıb nazik lövhələrə çevrilməsi və yüksək temperaturda emal olunması nəticəsində əldə edilir. Bu proses zamanı məhsulun əksər qida dəyəri, o cümlədən vitamin və lif tərkibi itirilir. “Əgər uzun müddət bişirilməyi tələb edən ənənəvi sıyıqlardan danışsaq, onlar B və E qrup vitaminlərinin, həll olunan lifin və digər qida maddələrinin əsas mənbəyidir”, – deyə Kulikov bildirib.

Mütəxəssis xüsusilə mannı sıyığının böyüklər üçün az faydalı olduğunu qeyd edib. Onun tərkibində qlüteni çox, lakin mikroelementləri, vitaminləri və zülalı çox azdır. Bundan əlavə, mannanın qəbulu D vitamininin mənimsənilməsinə mane ola bilər.

Kulikovun sözlərinə görə, sürətli bişən sıyıqların rahatlığı onların sağlamlıq üçün yararsızlığını kompensasiya etmir. Belə məhsullar bədəndə uzunmüddətli enerji sabitliyini təmin etmir, qan şəkərinin səviyyəsini sürətlə artırır və qidalanmanın balansını poza bilər.

Mütəxəssis tövsiyə edir ki, orqanizm üçün daha faydalı olan ənənəvi yulaf, qarabaşaq və arpa kimi dənli məhsullar seçilsin. Onlar daha uzun müddət toxluq hissi yaradır, həzm sisteminə müsbət təsir göstərir və immun sistemini dəstəkləyir.