Turşular əsrlərdir Azərbaycan mətbəxinin ayrılmaz hissəsi sayılır. Xüsusilə qış fəslində süfrələrin sevimli qidası olan bu məhsullar yalnız dadı ilə deyil, həm də sağlamlığa təsiri ilə diqqət çəkir. 

Foodinfo.az xəbər verir ki, son illərdə aparılan araşdırmalar göstərir ki, turşular düzgün şəkildə hazırlandıqda və balanslı istehlak edildikdə, orqanizm üçün faydalı təsirlərə malik ola bilər.

Turşular təbii fermentasiya yolu ilə əldə edilir. Bu proses nəticəsində yaranan faydalı bakteriyalar – probiotiklər – bağırsaq mikroflorasını dəstəkləyir. Sağlam bağırsaq florası isə həm həzm sistemini gücləndirir, həm də immunitetin düzgün işləməsində mühüm rol oynayır. Probiotik təsir qəbizliyin qarşısını alır, şişkinlik və həzm pozğunluqlarını azaldır.

Xüsusilə C vitamini ilə zəngindirlər. Bu vitamin orqanizmin infeksiyalara qarşı müqavimətini artırır, soyuqdəymə və qrip kimi xəstəliklərin gedişini yüngülləşdirir. Bundan başqa, turşular B qrupu vitaminləri, minerallar və antioksidantlarla da zəngindir ki, bunlar da hüceyrələri zərərli maddələrdən qoruyur.

Mütəxəssislərin sözlərinə görə, turşu istehlakı immun sistemini aktivləşdirir, bədəni virus və bakteriyalara qarşı daha dözümlü edir. Xüsusilə payız-qış mövsümündə menyuya kiçik miqdarda turşu əlavə etmək xəstəliklərdən qorunmağa yardımçı olur.

Bununla yanaşı, həkimlər xəbərdarlıq edirlər ki, turşular yüksək duz tərkibli məhsullardır. Həddindən artıq duz istifadəsi arterial təzyiqin yüksəlməsinə, böyrək və ürək-damar xəstəliklərinin ağırlaşmasına səbəb ola bilər. Bu səbəbdən, hipertoniya, böyrək çatışmazlığı və ürək problemi olan insanların turşudan minimum istifadə etməsi tövsiyə olunur.

Beləliklə, turşu yeməklə həm dadlı ənənəni qorumaq, həm də sağlamlıq üçün fayda əldə etmək mümkündür – əsas şərt miqdara nəzarət etməkdir.