
Gec axşam yeməklərindən imtina etməyə ehtiyac yoxdur – əsas odur ki, menyuda doğru qidalar olsun. Foodinfo.az xəbər verir ki, bu barədə “kp.ru” saytına açıqlamasında həkim-endokrinoloq, tibb elmləri doktoru, M.V. Lomonosov adına MDU-nun Fundamental Tibb fakültəsinin baş elmi əməkdaşı Zuxra Pavlova danışıb.
Onun sözlərinə görə, 18:00-dan sonra ideal axşam yeməyi tərkibində asand həzm olunan zülal, lif, faydalı yağlar və minimum sadə karbohidratlar olan yeməklərdir. “Quş əti, balıq və dəniz məhsulları bu baxımdan ən uyğun seçimdir – onlar orqanizmi doyurur, lakin qanda şəkərin səviyyəsində kəskin sıçrayış yaratmır”, – deyə Pavlova bildirib.
Mütəxəssis əlavə edib ki, axşam rasionuna yaşıl yarpaqlı tərəvəzlər, kələm, balqabaq, xiyar, pomidor, yarım avokado, bir qaşıq zeytun yağı və bir ovuc qoz-fındıq da daxil edilə bilər. Bu məhsullar mədədə yüngüllük yaradır və yuxu keyfiyyətinə də müsbət təsir göstərir.
Pavlovanın sözlərinə görə, gec yemək yeyərkən ən vacib məsələlərdən biri də qlikemik yüklənməni minimuma endirməkdir. Yəni menyuda tərkibində şəkəri sürətlə qaldıran məhsullar az olmalıdır ki, bədən gecə saatlarında insulin ifrazı ilə yüklənməsin.
Digər tərəfdən, qidalanma mütəxəssisi Natalya Fariseeva “aif.ru” ilə söhbətində qeyd edib ki, ət konservləri seçərkən ehtiyatlı olmaq lazımdır. Onun sözlərinə görə, sutkada 200 qramdan artıq donuz və ya mal əti konservi yemək məsləhət deyil.
Fariseeva əlavə edib ki, ən yaxşı seçim az yağlı ət növlərindən hazırlanmış və əlavə qatqısız konservlərdir. “Belə olduqda konservlər bədən üçün pis deyil, əksinə zülal və mikroelementlərin yaxşı mənbəyi ola bilər”, – deyə o vurğulayıb.
Mütəxəssislər yekun olaraq bildirirlər ki, axşam yeməyindən tamamilə imtina etmək bəzən orqanizm üçün daha zərərli ola bilər. Əsas məsələ gec saatlarda da yüngül, balanslaşdırılmış və qida dəyəri yüksək məhsullara üstünlük verməkdir.