Hətta kiçik miqdarda istifadə edilən bəzi ədviyyatlar ürək-damar sağlamlığını gücləndirə və hüceyrələri oksidləşmə stressindən qoruya bilər.

Foodinfo.az xəbər verir ki, ABŞ-ın Aydaho Ştat Universitetinin alimləri araşdırmalar nəticəsində bu təsiri təmin edən 3 ədviyyatı müəyyən ediblər: qara bibər, darçın və mixək.

Ekspertlər bildirir ki, bu ədviyyatlar polifenollarla zəngindir. Polifenollar isə güclü antioksidant və iltihab əleyhinə təsir göstərir, hüceyrələri qoruyur və yaşlanma prosesini yavaşladır.

Araşdırmada 212 yetkin iştirakçı 27 müxtəlif ədviyyat və göyərti istifadə tezliyini özləri qiymətləndirib. Məlumatlar beynəlxalq Phenol-Explorer bazası ilə müqayisə olunub.

Nəticələr göstərib ki, iştirakçılar ay ərzində yalnız ədviyyatlardan təxminən 680 mq polifenol alıb ki, bu da gündəlik ümumi qəbulun 12%-nə bərabərdir. Ən böyük pay isə məhz qara bibər, darçın və mixək tərəfindən təmin olunub.

Alimlər qeyd edir ki, klinik və əhali araşdırmalarında ədviyyatlar tez-tez nəzərə alınmır, buna görə antioksidant qəbul səviyyəsi əslində daha yüksək ola bilər.

Qeyd olunur ki, ədviyyat əlavə etmək rasionun bioloji dəyərini artırmaq üçün sadə və kaloriyasız üsuldur. Bu da gündəlik qidalanmada kiçik, amma faydalı dəyişiklik etmək imkanı verir.

Bundan əlavə, darçın qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir, qara bibər isə maddələr mübadiləsini sürətləndirir. Mixək isə iltihabı azaldaraq hüceyrələrin qorunmasına dəstək olur.