Əksər insanlar axşam şirniyyat yeməyin yalnız çəkiyə təsir etdiyini düşünür, lakin elm bunun yuxuya da ciddi zərər vurduğunu göstərir.

Foodinfo.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının N.P. Bextereyev adına İnsan Beyni İnstitutunun neyrodegenerativ xəstəliklər və botulinoterapiya üzrə elmi-klinik mərkəzinin rəhbəri, tibb elmləri namizədi İrina Milyuxina bildirib ki, həddindən artıq şirin qida qəbulu yuxunun dərin fazalarını azaldır.

Onun sözlərinə görə, sağaldıcı və dincəldici yuxu məhz dərin fazalarda baş verir və bu mərhələ azaldıqda beyin tam şəkildə bərpa olunmur. “Şirin qidaların çoxluğu yaddaşın möhkəmləndiyi yuxu fazasını qısaldır”, – ekspert kp.ru saytına açıqlamasında deyib. Yəni beynimiz gündəlik məlumatları lazımi şəkildə emal edə və uzunmüddətli yaddaşa ötürə bilmir.

Milyuxina qeyd edib ki, dərin yuxu beynin “təmizlənmə” prosesinin əsas hissəsidir. Bu mərhələdə neyronlar istirahət edir, zərərli maddələr atılır, emosiyalar stabilləşir və öyrəndiyimiz biliklər sabitləşir. Əgər bu faza pozularsa, insan ertəsi gün özünü yorğun, diqqətsiz və emosional gərgin hiss edə bilər.

Mütəxəssis vurğulayır ki, şəkər qəbulu qan şəkərinin kəskin yüksəlib-enməsinə səbəb olur və bu dalğalanmalar beynin normal yuxu mexanizmini pozur. Xüsusilə, axşam saatlarında desertlər, şirin içkilər və un məmulatları qəbul etmək yuxu ritmini dağıda bilər. Nəticədə insan çox yatdığı halda belə, “dincəlmiş” oyanmır.

Alim əlavə edib ki, yuxunun keyfiyyəti yalnız onun müddətindən deyil, strukturundan da asılıdır. Dərin yuxu azalarsa, yaddaş zəifləyir, öyrənmə qabiliyyəti aşağı düşür, hətta uzunmüddətli perspektivdə neyrodegenerativ xəstəliklərin riski arta bilər.

Milyuxina insanlara axşam saatlarında şəkəri minimuma endirməyi, şirin istəyi yarandıqda isə daha sağlam alternativlər – meyvə, zülal və ya isti bitki çayı seçməyi tövsiyə edir. Onun sözlərinə görə, düzgün qidalanma təkcə bədəni deyil, beyni də qoruyur.

Mütəxəssislər bildirirlər ki, “şirin yuxular” ifadəsi əslində aldatıcıdır — çox şirniyyat yuxunu məhv edir və beynin ən vacib bərpa mexanizmini zəiflədir. Buna görə sağlam yuxu istəyənlər əvvəlcə boşqablarına diqqət yetirməlidir.