
Soyuq fəsil yaxınlaşdıqca orqanizmin müdafiə sistemi zəifləyir və xəstəliklərə yoluxma riski artır. Foodinfo.az xəbər verir ki, Sasseks Universitetinin immunoloqu Cenna Makkiyoçi Daily Mail-ə açıqlamasında payızda immuniteti gücləndirmək üçün dörd əsas qida qrupunun rasiondan əskik olmamalı olduğunu bildirib. Onun sözlərinə görə, ilk növbədə fermentləşdirilmiş qidalar – təbii yoqurt və kefir səhər menyusuna daxil edilməlidir. Bu məhsullar bağırsaq bakteriyalarının tarazlığını bərpa edir, iltihabı azaldır və bədənin infeksiyalara qarşı müdafiəsini gücləndirir. Mütəxəssis vitamin C-nin də vacibliyini vurğulayaraq kivi, qırmızı bibər, giləmeyvə, qreyfrut və yarpaqlı göyərtələrin bu vitaminin ən güclü mənbələri olduğunu qeyd edib. O bildirib ki, kifayət qədər C vitamini qəbul edən insanlar soyuqdəymədən orta hesabla 8% daha tez sağalır.
Makkiyoçinin sözlərinə görə, payız və qışda günəş işığı azalır, buna görə də vitamin D qəbulu xüsusi əhəmiyyət kəsb edir. Bu maddəni bərpa etmək üçün rasiona yağlı balıq – yalnız qızılbalıq yox, həm də daha əlçatan olan skumbriya və sardina əlavə edilməlidir. Həkim həmçinin yumurta və süd məhsullarının da vitamin D baxımından faydalı olduğunu deyib. Ekspertin diqqət çəkdiyi son qida qrupu isə qırmızı ət olub. O, qeyd edib ki, az yağlı və ölçülü miqdarda qəbul olunan qırmızı ət sağlamlıq üçün təhlükəli deyil, əksinə immunitet üçün mühüm dəstəkdir.
“Qırmızı ət bədənə zəruri olan zülal, dəmir, sink və B qrupu vitaminləri ilə təmin edir və immun sisteminin normal işləməsinə kömək edir”, – deyə Makkiyoçi bildirib. Mütəxəssis əlavə edib ki, bu dörd qida qrupunu düzgün şəkildə birləşdirən insanlar payız mövsümünü daha güclü, enerjili və xəstəliksiz keçirə bilər.