
Dəniz məhsulları arasında ən yüngül, lakin ən qidalandırıcılarından biri olan krevetka orqanizm üçün əsl vitamin və mineral mənbəyidir. Foodinfo.az xəbər verir ki, Pravda.ru-ya danışan mütəxəssislər krevetkanın tərkibində A, B, C, D və E vitaminləri ilə yanaşı, yod, selen, sink, kalsium, fosfor və maqnezium kimi dəyərli maddələrin yüksək olduğunu bildiriblər. Bu zəngin tərkib dərinin, saçların və dırnaqların sağlam qalmasına kömək edir, hüceyrələrin yenilənməsini sürətləndirir və qocalmanı ləngidir.
Krevetka həmçinin sümük quruluşunu möhkəmləndirir, immun sistemini gücləndirir və ümumi sağlamlığı dəstəkləyir. Mütəxəssislər qeyd edir ki, onun tərkibindəki omeqa-3 yağ turşuları uşaqlarda beyin fəaliyyətinin və görmə qabiliyyətinin inkişafına çox müsbət təsir göstərir. Xüsusilə hamilə qadınların rasionunda krevetkanın olması tövsiyə olunur, çünki həm dölün sinir sistemi, həm də ana orqanizminin vitamin-mineral ehtiyacını dəstəkləyir.
Ən diqqətçəkən məqam isə krevetkanın yodla son dərəcə zəngin olmasıdır – bu göstərici qırmızı ətlə müqayisədə təxminən 100 dəfə yüksəkdir. Yod qalxanabənzər vəzinin normal işləməsi, maddələr mübadiləsinin sabit qalması və hormonal balans üçün vacibdir.
Qaynadılmış krevetka da dəyərini itirmir – əksinə, B12, B6, A və E vitaminləri, həmçinin selen, dəmir, fosfor, mis, sink və natrium kimi mineralları qoruyur. Üstəlik, krevetka güclü antioksidant təsirə malikdir: onun tərkibindəki selen hüceyrələri zədələnmədən qoruyur, astaksantin isə yaşlanmanı ləngidən ən güclü təbii piqmentlərdən biridir. Bu maddə krevetkaya yaşıl yosunları yeməklə keçir və ona narıncı rəng verir.
Mütəxəssislər bildirirlər ki, krevetka həm ürək-damar sistemi üçün faydalıdır, həm beyin fəaliyyətini dəstəkləyir, həm də orqanizmi enerji ilə təmin edir. Doğru şəkildə bişirildiyi və ölçülü miqdarda qəbul edildiyi halda, bu dəniz məhsulu sağlam qidalanmanın ayrılmaz hissəsinə çevrilə bilər.