Son illərdə “süperfud” adı ilə satılan məhsulların sağlamlıq üçün möcüzəvi təsir göstərdiyi iddia olunur. Foodinfo.az xəbər verir ki, dietoloq və nutrisioloq Yelena Konovalova “İzvestiya” qəzetinə müsahibəsində bu anlayışın elmi əsası olmadığını bildirib. Onun sözlərinə görə, “süperfud” termini rəsmi tibbdə və qidalanma elminə aid ədəbiyyatda mövcud deyil və sadəcə marketinq məqsədilə yaradılmış ifadədir. Mütəxəssis vurğulayır ki, bu cür məhsulların “möcüzəvi” təqdim olunması insanlarda yanlış gözləntilər formalaşdırır.

Xarici ekspert deyir ki, heç bir məhsul təkbaşına sağlamlığı bərpa etmir və xəstəlikləri müalicə etmir. Əgər insan sağlam yaşamaq istəyirsə, yalnız “süperfud” adlandırılan qidalara güvənmək olmaz. Konovalovanın fikrincə, real sağlamlıq kompleks sistemdən ibarətdir – müntəzəm fiziki aktivlik, kifayət qədər yuxu, stressin idarə olunması və balanslı qidalanma bu sistemin əsas hissələridir. O qeyd edir ki, chia toxumu, kinoa, avokado və ya digər dəbdə olan məhsullar faydalı ola bilər, amma onları “möcüzə” səviyyəsinə qaldırmaq düzgün deyil.

Mütəxəssis əlavə edir ki, belə məhsullar rasiona əlavə kimi daxil edilə bilər, lakin əsas qida mənbəyinə çevrilməməlidir. Çünki bədənin ehtiyac duyduğu zülal, yağ, karbohidrat, vitamin və mineralları yalnız müxtəlif və balanslı qidalanma təmin edir. Konovalova xəbərdarlıq edir: insanlar çox vaxt “süperfud” aldığı üçün digər vacib qidaları arxa plana keçirir və bu, əksinə, qidalanma çatışmazlığına səbəb olur.

Onun sözlərinə görə, ən sağlam qida modeli hər gün adi, təbii və müxtəlif məhsulların birlikdə qəbuludur – tərəvəz, meyvə, tam taxıllar, keyfiyyətli zülak mənbələri və faydalı yağlar. Mütəxəssis yekun olaraq bildirir: “Əgər kiminsə sizə bir məhsulun bütün problemləri həll etdiyini deyirsə – bu, artıq elmi deyil, reklamdır.”