
Boğaz ağrısı zamanı bəziləri soyuq dondurmanın ağrını azaltdığını düşünür. Foodinfo.az xəbər verir ki, dondurma yalnız qısamüddətli rahatlıq versə də, xəstəliyi sağaltmır və bəzi hallarda vəziyyəti daha da ağırlaşdıra bilər.
Həkim-terapevt Nadejda Çernışovanın sözlərinə görə, dondurmanın soyuqluğu damarları yığır və ödemi azaldaraq ağrını bir qədər azaldır. Lakin bu təsir müvəqqətidir və çoxlu miqdarda dondurma yemək boğazı daha da qıcıqlandıra bilər. Mütəxəssis bildirib ki, dondurmanın təsiri yalnız səthi olur, infeksiyanı aradan qaldırmaq gücünə malik deyil.
O qeyd edib ki, bəzi hallarda dondurma tamamilə zərərlidir. Əgər insanda səs batıqlığı və ya danışıq çətinliyi varsa, bu, qırtlaq iltihabının əlamətidir və belə halda dondurma iltihabı artırır. Sərinlik hissi yaratsa da, bu, xəstəliyin gedişini ağırlaşdıra bilər.
Həkim əlavə edib ki, boğaz ağrısında daha uyğun seçim təbii üsullardır — isti bitki çayları, bal, limon və ya xüsusi boğaz pastilləri. Bu vasitələr həm mikroblarla mübarizə aparır, həm də selikli qişanı qoruyur.
Mütəxəssislər xəbərdarlıq edir ki, dondurmanı müalicə vasitəsi kimi qəbul etmək doğru deyil. Onun istifadəsi yalnız nadir hallarda, çox az miqdarda və iltihab əlamətləri olmayan hallarda mümkündür.