Kəsim məntəqəsində iş prosesində əmələ gələn tullantılar ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə tullantılar üçün ayrılmış qablara toplanmalıdır. Tullantılar üçün ayrılmış qablar işarələnməlidir.

 Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda və “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirlir. Sənədə əsasən, kəsim məntəqəsinin yaxınlığında tullantıların toplanması üçün qapaqlı konteynerlər və həmin konteynerlərin yerləşdirilməsi üçün sahə (meydan) ayrılmalıdır. Tullantı qablarının 2/3 hissəsi dolduğu zaman tullantılar üçün ayrılmış konteynerlərə boşaldılmalı və hər iş gününün sonunda həmin qablar tullantılardan təmizlənməli və dezinfeksiya edilməlidir. Konteynerlər üçün ayrılmış sahələr müəssisədən kənarda yerləşdirilməli və təmiz saxlanılmalıdır. İş prosesində əmələ gələn və kənarlaşdırılan tullantıların zərərsizləşdirilməsi “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təmin olunmalıdır. 

Qeyd edək ki, kəsim məntəqəsində heyvan və quş kəsimindən əvvəl, yaxud sonra toplanan və “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan məhsullar tullantıdır.