
Payız yorğunluğu və gecələr yuxuya getməkdə çətinlik çəkənlər çox zaman bunu sadəcə mövsümi əhval dəyişikliyi ilə əlaqələndirirlər. Foodinfo.az xəbər verir ki, endokrinoloq, tibb elmləri namizədi Nataliya Tananakina Life.ru-ya açıqlamasında bu problemlərin daha ciddi hormonal pozğunluqların əlaməti ola biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, gün işığının azalması melatonin, yəni “yuxu hormonu”nun səviyyəsini azaldır və yuxunun keyfiyyətini pisləşdirir. Əgər buna qalxanabənzər vəzin və ya böyrəküstü vəzin disfunksiyası da qoşularsa, vəziyyət daha da ağırlaşır. Kortizol və adrenalin hormonlarının disbalansı gecə tez-tez oyanma, narahatlıq, daxili gərginlik və səbəbsiz yorğunluq yaradır. Davam edən yuxusuzluq isə immun sisteminə zərər vurur, diqqəti və iş qabiliyyətini azaldır, ürək-damar və maddələr mübadiləsi xəstəliklərinin riskini yüksəldir.
Həkim xəbərdarlıq edir ki, yuxu problemləri sadəcə mövsümi əhval dəyişməsi deyil, hormonal pozğunluğun göstəricisi ola bilər. Xroniki yorğunluq, səbəbsiz əhval dəyişiklikləri, ürək döyüntülərinin sürətlənməsi, əsəbilik, diqqət və iş qabiliyyətinin azalması, həzm pozğunluqları və səbəbsiz çəki dəyişiklikləri bu pozğunluqların əlamətləri sayıla bilər.
Problemi azaltmaq üçün Nataliya Tananakina səhər işıq terapiyası və günəşdə qalma, nizamlı yuxu rejimi, təmiz havada gəzmək, fiziki aktivlik və maqnezium, B vitaminləri və zülallarla zəngin qidalanmanı tövsiyə edir. Həmçinin yatmazdan əvvəl dərin nəfəs məşqləri və rahatladıcı vərdişlər də faydalıdır.
Ekspert vurğulayır ki, əgər yuxusuzluq uzun müddət davam edirsə, mütləq endokrinoloqa müraciət edib hormonal fonu yoxlatdırmaq lazımdır. Beləliklə, payızda yaranan yuxu problemləri sadəcə əhval dəyişikliyi deyil, bədənin siqnalıdır və diqqət tələb edir.