Kakao tərkibindəki flavonoidlər və antioksidant maddələr sayəsində uzun müddət oturaq həyat tərzinin damar sağlamlığına mənfi təsirlərini azaldır. Bu maddələr qan dövranını yaxşılaşdırır, damar divarlarının elastikliyini qoruyur və qanın axıcılığını artırır.
Foodinfo.az xəbər verir ki, uzun müddət hərəkətsiz qalmaq qan dövranının zəifləməsinə, damarlarda tıxanmalara və ayaqlarda şişkinliyə səbəb ola bilər. Kakao içkisinin tərkibindəki flavanollar damarların genişlənməsinə kömək edir və qan axınını normallaşdırır. Bu təsir nəticəsində oturaq həyat tərzi keçirən insanlarda ürək-damar xəstəlikləri riski müəyyən dərəcədə azalır.
Bununla belə, mütəxəssislər bildirirlər ki, kakao tibbi müalicəni əvəz etmir və sağlam həyat tərzinin bir hissəsi kimi qəbul edilməlidir. Effektli nəticə əldə etmək üçün hər gün qısa fasilələrlə ayağa qalxmaq, yüngül hərəkətlər etmək və sağlam qidalanma rejimi saxlamaq vacibdir.
Təbii, şəkərsiz və tərkibində ən azı 70% kakao olan məhsulların seçilməsi damar sağlamlığı üçün daha çox fayda verir. Mütəxəssislər belə kakao və tünd şokoladın gündə 1 kiçik fincan və ya 1–2 parça miqdarında qəbulunun ürək və qan dövranı sisteminə müsbət təsir göstərə biləcəyini vurğulayırlar.






