Qatıq tərkibindəki probiotiklər və faydalı bakteriyalar sayəsində ən sağlam süd məhsullarından biri hesab olunur. Lakin mütəxəssislər bildirirlər ki, bütün hallarda qatıq bədənə xeyir gətirmir — bəzi vəziyyətlərdə əks təsir göstərə bilər.
Foodinfo.az xəbər verir ki, laktaza fermenti çatışmazlığı olan şəxslər üçün qatıq problemlər yarada bilər. Belə insanlar süd şəkəri olan laktozanı həzm edə bilmədiklərinə görə, qatıq içdikdə qarın ağrısı, köp və ishal kimi əlamətlərlə qarşılaşa bilirlər.
Bundan əlavə, hazır, şəkərli və ətirli qatıq növləri sağlamlıq üçün risk daşıyır. Onların tərkibinə əlavə olunan şəkər, rəngləndiricilər və konservantlar probiotiklərin təsirini azaldır və qanda şəkərin səviyyəsini yüksəldir.
Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, qatığı çox soyuq halda və ya yeməkdən dərhal sonra istehlak etmək həzm sistemini yavaşlada bilər.
Allergiyaya meyilli insanlar üçün də ehtiyatlı olmaq vacibdir. Qatıq bəzi hallarda dəri səpgiləri, qaşınma və tənəffüs problemlərinə səbəb ola bilər.
Qidalanma üzrə mütəxəssislərin fikrincə, qatıq təbii, evdə hazırlanmış və əlavə maddəsiz olduqda ən sağlam formada olur. Onu gündə 1–2 stəkan miqdarında qəbul etmək həm immuniteti, həm də bağırsaq florasını dəstəkləyir.






