Sağlam həyat tərzi üzrə mütəxəssislər günün iki əsas vaxtında — səhər və axşam — bir stəkan isti su içməyin bədəndə yaratdığı dəyişiklikləri açıqlayıblar.
Foodinfo.az xəbər verir ki, səhər acqarına içilən isti su həzm sistemini “oyadır”, bağırsaqların hərəkətini stimullaşdırır və xüsusən qəbizlik problemi olan insanlarda tualetə getməyi asanlaşdırır.
Bundan əlavə, gecə ərzində itirilən mayeni bərpa edərək bədəni susuzluqdan çıxarır.
İsti su mədə üçün soyuq sudan daha uyğundur və günə daha enerjili başlamağa kömək edir.
Axşam yatmazdan əvvəl içilən isti su isə bədəni rahatladır və daha sakit yuxuya getməyə kömək edir. Həkimlərin fikrincə, bu vərdiş gün ərzində qəbul edilən qidaların həzmini dəstəkləyir və gecə susuzluq hissini azaldır.
Bununla belə, bəzi insanları ehtiyatlı olmalıdır. Reflüks, qastrit və ya mədə yanması olanlara çox isti yox, ilıq su içmək tövsiyə edilir. Böyrək və ya ürək problemi olan şəxslərə isə gündəlik su miqdarını həkimlə məsləhətləşmək məsləhət görülür.
Səhər və axşam isti su içmək düzgün istifadə edildikdə həzmə, rahatlamaya və ümumi sağlamlığa dəstək verən sadə, lakin faydalı bir vərdişdir.






