Melisa çayı ümumiyyətlə faydalı hesab edilsə də, bəzi hallarda ehtiyatla istifadə olunmalıdır.

Foodinfo.az xəbər verir ki, melisa çayı sinir sistemini sakitləşdirir, stress və narahatlığı azaltmağa kömək edir, həmçinin yuxu keyfiyyətini yaxşılaşdıra bilər. Bundan əlavə, həzm sisteminə müsbət təsir göstərdiyi və qarın köpünü azaltdığı qeyd olunur.

Bununla yanaşı, melisa çayının həddindən artıq qəbulu bəzi yan təsirlərə səbəb ola bilər. Xüsusilə çox içildikdə yuxululuq, halsızlıq və diqqət azalması müşahidə oluna bilər. Aşağı qan təzyiqi olan şəxslərdə təzyiqi daha da sala biləcəyi bildirilir.

Eyni zamanda, bəzi dərmanlarla qarşılıqlı təsir riski də mövcuddur. Xüsusilə sakitləşdirici və ya qalxanabənzər vəzi ilə bağlı dərman qəbul edən şəxslərin melisa çayı içməzdən əvvəl həkimlə məsləhətləşməsi tövsiyə edilir.

Qeyd edək ki, mütəxəssislər melisa çayının ölçülü şəkildə istifadə edildikdə zərərli olmadığını, lakin həddindən artıq qəbulun arzuolunmaz təsirlərə yol aça biləcəyini vurğulayırlar.