Yaz aylarında orqanizmi bərpa etmək üçün bahalı əlavələrə ehtiyac olmadığı bildirilir. Foodinfo.az “Çempionat” saytına istinadla xəbər verir ki, terapevt Oksana Serebryakova orqanizmi gücləndirməyin ən düzgün yolunun müxtəlif və balanslı qidalanma olduğunu vurğulayır. Onun sözlərinə görə, vitamin və mineralların ən yaxşı mənbəyi məhz təbii qidalardır və bu yolla qəbul edilən faydalı maddələr daha yaxşı mənimsənilir.

Mütəxəssis qeyd edir ki, yaz rasionunda xüsusilə yağlı balıqlara üstünlük verilməlidir. Forel, skumbriya, siyənək və treska ciyəri A və D vitaminləri, həmçinin omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələr immuniteti gücləndirir, sümükləri möhkəmləndirir və orqanizmdə iltihabi proseslərin azalmasına kömək edir. Qışdan sonra günəş şüalarının azlığı səbəbindən D vitamini səviyyəsinin aşağı düşməsi fonunda bu məhsulların rolu daha da artır.

Bununla yanaşı, qoz-fındıq növləri də yaz mövsümündə rasionun vacib hissəsi hesab olunur. Badam, qoz və keşyu antioksidantlarla, xüsusilə A və E vitaminləri ilə zəngindir. Bu maddələr hüceyrələri zədələnmədən qoruyur, dəri və saç sağlamlığını dəstəkləyir. Eyni zamanda, qoz-fındıq uzun müddət toxluq hissi yaratdığı üçün gün ərzində sağlam qəlyanaltı kimi istifadə oluna bilər.

Mütəxəssislər bildirirlər ki, müxtəlif qidalarla zəngin menyu qurmaq, mövsümi məhsullara üstünlük vermək və təbii qidalanma prinsiplərinə əməl etmək yaz aylarında orqanizmi gücləndirməyin ən effektiv yoludur. Bu yanaşma həm enerjini artırır, həm də ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırır.