Bir çox insan gündəlik duz miqdarını fərqinə varmadan normadan artıq qəbul edir. Çünki duz təkcə yeməklərə əlavə edilən ağ ədviyyatla məhdudlaşmır, o, bir çox hazır və emal olunmuş qidaların tərkibində gizlənir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə görə, böyüklər üçün gündəlik duz qəbulunun miqdarı 5 qramdan (təxminən 1 çay qaşığı) artıq olmamalıdır. 

Lakin aparılan araşdırmalar göstərir ki, insanların böyük əksəriyyəti bu miqdarı iki və ya üç dəfə çox qəbul edir.

Duzun artıq qəbulu yüksək təzyiq, ürək-damar xəstəlikləri, böyrək problemləri və bədəndə ödem kimi ciddi fəsadlara səbəb ola bilər. Hətta bəzi tədqiqatlar duzun artıq istifadəsinin mədə xərçəngi riskini də artırdığını göstərir.

Gizli duz əsasən kolbasa, pendir, çörək, konservlər, souslar, fast food və qəlyanaltılarda olur. Hətta bəzi “pəhriz” və “aşağı kalorili” məhsullar belə yüksək duz miqdarı ilə diqqətdən qaçır.

Mütəxəssislər məsləhət görürlər ki, duz qəbulunu azaltmaq üçün qablaşdırılmış qidaların etiketlərinə diqqət yetirilməli, “sodium” və ya “Na” göstəricisi izlənilməlidir. Yeməklərdə duzun yerinə limon suyu, sarıkök, istiot, reyhan kimi təbii ədviyyatlar istifadə oluna bilər.

Duz orqanizm üçün vacib olsa da, onun artıq miqdarı zərərli ola bilər. Gündəlik qidalanmada az duzlu seçimlərə üstünlük vermək və hazır məhsullardan uzaq durmaq uzunmüddətli sağlamlığın qorunmasında mühüm rol oynayır.