
Üzüm həm dadlı, həm də orqanizm üçün çox faydalı olan meyvələrdən biridir. Onun tərkibi vitaminlər, minerallar və güclü antioksidantlarla zəngindir. Mütəxəssislərin fikrincə, üzüm həm ürək-damar sağlamlığını qoruyur, həm də immun sistemini gücləndirir.
Foodinfo.az xəbər verir ki, üzümün tərkibində C, A, K və B qrupu vitaminləri, həmçinin kalium, maqnezium, dəmir və lif mövcuddur. Bu maddələr bədəni zərərli maddələrdən təmizləyir, qan dövranını yaxşılaşdırır və enerjini artırır.
Xüsusilə tünd rəngli (qara və bənövşəyi) üzüm növləri resveratrol adlı güclü antioksidantla zəngindir. Bu maddə hüceyrələri qocalmadan qoruyur, xərçəng və ürək xəstəliklərinə qarşı təsirli hesab olunur.
Üzüm qan təzyiqini tənzimləməyə kömək edir, damar elastikliyini qoruyur və xolesterin səviyyəsini azaldır. Həmçinin beyin fəaliyyətini dəstəkləyir, yaddaşı gücləndirir və zehni yorğunluğu azaldır.
Tərkibindəki təbii şəkərlər sayəsində sürətli enerji mənbəyidir. Bu səbəbdən idmanla məşğul olanlar və fiziki aktiv şəxslər üçün ideal qidadır. Liflə zəngin olduğu üçün bağırsaq hərəkətlərini yaxşılaşdırır, qəbizliyin qarşısını alır.
Dərinin və saçın sağlamlığı üçün də üzümün faydaları böyükdür. Onun tərkibindəki antioksidantlar dərini cavanlaşdırır, ultrabənövşəyi şüaların zərərli təsirlərindən qoruyur və saç köklərini gücləndirir.
Üzümün tərkibində təbii şəkər çox olduğundan diabet və piylənmə problemi olan şəxslərə onu ölçülü miqdarda yemək məsləhət görülür.