
Ruh sağlamlığı yalnız emosional vəziyyətlə deyil, həm də gündəlik qidalanma ilə sıx əlaqəlidir.
Foodinfo.az xəbər verir ki, bəzi qidalar beynin fəaliyyətini gücləndirir, stres və depressiya ilə mübarizədə kömək edir, əhvalı yaxşılaşdırır.
Birincisi, balıq və dəniz məhsulları (xüsusilə qızılbalıq, skumbriya, sardina) omega-3 yağ turşuları ilə zəngindir. Bu maddələr beyin hüceyrələrinin fəaliyyətini gücləndirir, dopamin və serotonin kimi xoşbəxtlik hormonlarının sintezini artırır. Davamlı olaraq balıq yeyən insanlarda depressiya riski xeyli aşağı olur.
İkinci mühüm qida qrupu qoz, badam və çiy toxumlardır. Onlar E vitamini, maqnezium və sinklə zəngin olduqları üçün sinir sistemini sakitləşdirir, gərginliyi azaldır və zehni aydınlıq yaradır.
Tünd şokolad da ruhi vəziyyətə müsbət təsir edən qidalar arasındadır. Onun tərkibindəki feniletilamin və flavonoidlər beyində xoşbəxtlik hissi yaradır, stres hormonlarını azaldır. Lakin miqdarı aşmamaq vacibdir – gündə 20–30 qram tünd şokolad kifayətdir.
Yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, kələmgil bitkilər və s.) fol turşusu ilə zəngindir. Fol turşusu beyində serotonin istehsalına kömək edir, yuxu keyfiyyətini artırır və gərginliyi azaldır.
Bundan başqa, banan və avokado kimi meyvələr B6 vitamini baxımından zəngindir. Bu vitamin serotonin və dopamin səviyyəsini tənzimləyərək zehni sabitlik yaradır.
Tam taxıllı məhsullar, qatıq və yumurta da sinir sistemini gücləndirən qidalar sırasındadır.
Emal olunmuş və şəkər tərkibli qidalar ruh halına mənfi təsir göstərə bilər. Bu məhsullar beyində qısa müddətli enerji yaratsa da, sonradan yorğunluq və narahatlıq hissini artırır.