Orqanizm üçün vacib antioksidant olan E vitamininin çatışmazlığı müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Bu vitamin hüceyrələri zədələnmədən qoruyur, sinir sistemi və əzələlərin normal fəaliyyətində mühüm rol oynayır.
Foodinfo.az xəbər verir ki, E vitamini az olan insanlarda tez yorulma, əzələ zəifliyi, keyimə və tarazlıq pozuntuları müşahidə edilir.
Bəzi hallarda görmənin zəifləməsi və immunitetin düşməsi də qeydə alınır ki, bu da insanı infeksiyalara daha həssas edir. Dərinin həddindən artıq quruması və tez zədələnməsi də mümkün əlamətlər sırasındadır.
Xüsusilə yağ sorulması problemi olan, mədə-bağırsaq xəstəlikləri yaşayan və ya çox məhdud qidalanan insanların daha yüksək risk altında olduğu vurğulanır.
Həkimlər E vitamini ehtiyacını qarşılamaq üçün menyuya badam, fındıq, günəbaxan tumu, avokado, yumurta və bitki yağları əlavə etməyi tövsiyə edirlər. Davamlı zəiflik, uyuşma və ya görmə problemləri yaranarsa, analiz vermək və həkimlə məsləhətləşmək məsləhət görülür.






