Dişlərin gündəlik fırçalanması ağız gigiyenasının əsas qaydasıdır. Lakin diş həkimləri bildirirlər ki, bir çox insanlar bu prosesi düzgün yerinə yetirmədikləri üçün dişlərinə zərər verə bilirlər.

Foodinfo.az xəbər verir ki, ən çox rast gəlinən səhvlərdən biri dişləri çox güclü fırçalamaqdır. Çox güclü təzyiqlə fırçalama diş minasını incəldir, diş ətinə zərər verir və diş boynunun açılmasına səbəb olur. Bu da zamanla diş həssaslığı və diş kökü problemləri yarada bilər.

Bundan başqa, sərt tüklü diş fırçası istifadə etmək də diş ətinə mənfi təsir göstərir. Diş həkimləri yumşaq və orta sərtlikdə fırçaların seçilməsini, həmçinin fırçalama zamanı dairəvi və yumşaq hərəkətlərdən istifadə olunmasını məsləhət görürlər.

Digər bir yayılmış səhv – fırçalama müddətinin qısa olmasıdır. Dişlər ən azı 2 dəqiqə ərzində, gündə iki dəfə fırçalanmalıdır.

Yeməkdən dərhal sonra dişləri fırçalamaq da doğru deyil. Çünki turş qidalar diş minasını yumşaldır və bu zaman fırçalama onun daha da aşınmasına gətirib çıxarır. Ən doğru üsul yeməkdən sonra ən azı 30 dəqiqə gözləməkdir.

Diş həkimlərinin yekun tövsiyəsinə görə, doğru texnika, uyğun fırça və vaxtında diş baxımı sağlam dişlərin əsas açarıdır. Əks halda, ən bahalı diş pastası belə səhv vərdişlərin nəticələrini aradan qaldıra bilmir.