Son illər yunan qatığı sağlam qidalanan insanların ən çox seçdiyi məhsullardan birinə çevrilib. Mütəxəssislər bildirirlər ki, bu məhsul adi qatıqdan həm hazırlanma üsulu, həm də qida dəyəri ilə fərqlənir.
Foodinfo.az Medical News Today saytına istinadla xəbər verir ki, dietoloq Sara Breuerin sözlərinə görə, yunan qatığı adi qatıqdan daha uzun müddət süzülərək hazırlanır. Nəticədə onun tərkibindəki maye hissə azalır və məhsul daha qatı konsistensiya alır. Bu proses həm də yunan qatığında zülal miqdarını artırır.
Ekspert qeyd edib ki, yunan qatığında protein adi qatıqla müqayisədə təxminən iki dəfə çox olur. Bu səbəbdən məhsul uzun müddət toxluq hissi yaradır və əzələ kütləsinin qorunmasına kömək edir. Bundan başqa, tərkibindəki probiotiklər bağırsaq mikroflorasını dəstəkləyir və həzmi yaxşılaşdırır.
Mütəxəssis bildirib ki, adi qatıqda isə kalsium miqdarı bir qədər daha yüksək ola bilər. Lakin seçim zamanı şəkərsiz və təbii məhsullara üstünlük verilməsi tövsiyə olunur. Dietoloqların fikrincə, həm adi qatıq, həm də yunan qatığı sağlam rasionun faydalı hissəsi hesab edilir, əsas məsələ məhsulun tərkibi və qəbul edilən miqdardır.






