Bir çox insan ət bişirməzdən əvvəl onu mütləq yuyur. Lakin mütəxəssislər bildirirlər ki, bu addım hər zaman vacib deyil və bəzi hallarda əksinə təhlükə yarada bilər.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, ekspertlərin sözlərinə görə, istehsal prosesində ət artıq soyuq axar su ilə təmizləndiyi üçün onu yenidən yumaq məcburi hesab olunmur. Ancaq üzərində qan izi, qablaşdırma qalıqları və ya digər çirklər görünərsə, məhsulu soyuq su altında qısa şəkildə yaxalamaq olar.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, ət yuyularkən mətbəx çanağında başqa məhsullar, qablar və ya göyərti olmamalıdır. Çünki su sıçraması nəticəsində salmonella və digər təhlükəli bakteriyalar ətrafdakı məhsullara keçə bilər. Bu isə qida zəhərlənməsi riskini artırır. Ət yuyulduqdan sonra çanaq və ətraf səthlər yaxşıca təmizlənməli, mümkün olduqda qaynar su və ya dezinfeksiyaedici vasitə ilə işlənməlidir.
Ekspertlər həmçinin çiy ət üçün ayrıca doğrama taxtası və bıçaq istifadə etməyi tövsiyə edirlər. Bildirilir ki, fərqli məhsullar üçün ayrı mətbəx ləvazimatlarının seçilməsi çarpaz çirklənmənin qarşısını alır. Xüsusilə toyuq əti salmonella, balıq isə listeriya kimi bakteriyalar daşıya bildiyi üçün gigiyena qaydalarına ciddi əməl olunmalıdır.






