Son illərdə Veganism qidalanma tərzinə maraq sürətlə artıb. Ət, süd məhsulları və digər heyvani qidaları tamamilə rasiondan çıxaran bu həyat tərzinin sağlamlığa təsiri isə tez-tez müzakirə olunur.
Foodinfo.az xəbər verir ki, düzgün planlaşdırılmış vegan qidalanma bir çox insan üçün sağlam ola bilər. Bitki mənşəli qidalar lif, antioksidant və vitaminlərlə zəngin olduğu üçün ürək-damar sağlamlığına müsbət təsir göstərir və artıq çəki riskini azaldır.
Tərəvəz, meyvə, paxlalılar və tam taxıllarla zəngin qidalanma bəzi xroniki xəstəliklərin riskini azaltmağa kömək edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, vegan qidalanma balanslı qurulmadıqda bəzi qida çatışmazlıqları yarana bilər.
Xüsusilə, vitamin B12 çatışmazlığı, dəmir və sink azlığı, Omega-3 yağ turşularının kifayət qədər qəbul edilməməsi, zülal balansının pozulması kimi problemlər risk yarada bilər.
Mütəxəssislər qeyd edir ki, xüsusilə uşaqlar, yeniyetmələr və hamilə qadınlar vegan qidalanmaya keçərkən daha diqqətli olmalıdır. Bu dövrdə orqanizmin qida ehtiyacları yüksək olduğu üçün peşəkar məsləhət vacib hesab olunur.
Bununla yanaşı, müasir dövrdə zənginləşdirilmiş məhsullar və düzgün planlaşdırılmış menyular sayəsində veganların bir çox qida ehtiyacını qarşılamaq mümkün olur.
Bir sözlə, vegan qidalanma özü-özlüyündə təhlükəli hesab edilmir. Lakin sağlam qalmaq üçün rasionun balanslı qurulması və vacib vitamin-mineralların nəzarətdə saxlanılması böyük əhəmiyyət daşıyır.






