Alimlər qida qəbulunun immun sisteminə təsiri ilə bağlı maraqlı nəticə əldə ediblər. Yeni araşdırma göstərib ki, yeməkdən sonra immun hüceyrələrinin fəaliyyəti müvəqqəti olaraq güclənə bilər.
Foodinfo.az ridlife.ru saytına istinadla xəbər verir ki, Pittsburq Universitetinin alimləri qida qəbulundan sonra T-limfositlərin – infeksiya, virus və şiş hüceyrələrinə qarşı mübarizə aparan immun hüceyrələrinin daha aktiv işlədiyini müəyyən ediblər. Tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.
Araşdırma zamanı sağlam könüllülərdən səhər yeməyindən əvvəl və təxminən altı saat sonra qan nümunələri götürülüb. Təhlillər göstərib ki, yeməkdən sonra T-hüceyrələrinin metabolik aktivliyi və immun reaksiyaya hazırlıq səviyyəsi yüksəlir.
Siçanlar üzərində aparılan əlavə təcrübələrdə bu təsirin hüceyrələr aktivləşdikdən sonra yeddi günə qədər davam etdiyi müəyyən olunub. Alimlərin sözlərinə görə, bu prosesdə əsas rolu qida ilə orqanizmə daxil olan və qanda daşınan yağlar oynayır. Həmin yağlar T-limfositlər tərəfindən mənimsənilərək onların fəaliyyətini gücləndirir.
Mütəxəssislər bildirirlər ki, əldə olunan nəticələr xüsusilə xərçəngin CAR-T immunoterapiyası üçün əhəmiyyət daşıyır. Araşdırma göstərib ki, yeməkdən sonra götürülən immun hüceyrələri şişlərin inkişafına qarşı daha effektiv mübarizə aparır və orqanizmdə daha uzun müddət aktiv qalır.






