Lavaş quruyubsa, onu atmağa tələsməyin. Sadə üsullarla əvvəlki yumşaqlığını və elastikliyini bərpa etmək mümkündür. Üstəlik, müxtəlif içliklərlə bu sadə çörəyi əsl ləzzətə çevirmək olar.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, aşpaz Sergey Navasartov qurumuş lavaşı bərpa etmək üçün üzərinə bir neçə dəfə su çiləməyi və qısa müddət sobaya qoymağı tövsiyə edir. Bu üsul lavaşı yenidən yumşaq və ətirli edir. Ən yaxşı nəticə üçün onu isti halda istifadə etmək məsləhətdir.

İçlik seçimləri isə olduqca müxtəlifdir. Yaşıllıq, qaynadılmış yumurta və keçi pendiri ilə hazırlanan variant həm yüngül, həm də qidalıdır. Müxtəlif pendirlərin qarışığından hazırlanaraq tavada qızardılan lavaş isə xırtıldayan və doyumlu olur. Qalan omleti pendirlə birlikdə lavaşa bükmək də praktik və dadlı seçimdir.

Ət sevənlər üçün qril və ya bişmiş ət, tərəvəz və sous əlavə edilərək hazırlanmış lavaş “şaurma” tipli yeməyə çevrilə bilər. Balıqla hazırlanan variantda isə qızardılmış filesi göyərti və az miqdarda yağla birləşdirərək sobada bişirmək tövsiyə olunur.

Vegetarian seçimlər də diqqətdən kənarda qalmır. Avokado, müxtəlif tərəvəzlər və humusla hazırlanan lavaş rulonları həm sağlam, həm də yüngül qəlyanaltı kimi idealdır. İstəyə görə onları çiy halda yemək və ya qısa müddət qızartmaq mümkündür.

Mütəxəssislər qeyd edir ki, bu cür sadə üsullarla həm israfın qarşısını almaq, həm də gündəlik menyunu daha maraqlı və dadlı etmək mümkündür.