Dişlərin sağlam qalması üçün təkcə gündə iki dəfə təmizləmək kifayət etmir. Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi gündəlik vərdişlər fərqinə varmadan diş minasını zədələyir və problemlərin yaranmasına səbəb olur. Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, stomatoloqlar dişləri tədricən zəiflədən bir sıra yayğın səhvləri açıqlayıblar.
Ən çox rast gəlinən səhvlərdən biri dişlərin yanlış texnika ilə təmizlənməsidir. Üfüqi hərəkətlər əvəzinə diş ətindən dişin ucuna doğru “süpürücü” hərəkətlər tövsiyə olunur. Bundan əlavə, dırnaq, qələm kimi sərt əşyaların dişlənməsi mina qatında çatlar yaradır. Siqaret və alkoqol istifadəsi isə ağız boşluğunda qoruyucu mexanizmləri zəiflədir və kariyesin sürətlə inkişafına şərait yaradır.
Həmçinin isti və soyuq qidaların tez-tez növbələnməsi, dişləri sıxmaq vərdişi və gecə şirin qidalar qəbul etmək dişlər üçün ciddi risk yaradır. Dil pirsinqləri və turşulu qidaların həddindən artıq istifadəsi də mina qatını zəiflədir. Mütəxəssislər vurğulayır ki, hər hansı narahatlıq olmasa belə, diş həkiminə mütəmadi müraciət etmək ağız sağlamlığının qorunmasında mühüm rol oynayır.






