Mədə sağlamlığı gündəlik vərdişlərdən birbaşa asılıdır və çox zaman problemlər məhz yanlış davranışlardan yaranır. Foodinfo.az Life.ru saytına istinadla xəbər verir ki, həkim-diyetoloq Maksim Lisovski mədəyə zərər verən əsas vərdişləri açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, bir çox insan səhərlər acqarına qəhvə içir və normal qida əvəzinə şirniyyatla kifayətlənir. Bu zaman mədə turşu ifraz etməyə davam edir və boş mədədə bu turşu selikli qişanı qıcıqlandırır. Qəhvə isə bu təsiri daha da gücləndirərək qida borusuna geri axın riskini artırır. Nəticədə yanğı hissi, narahatlıq və uzunmüddətli problemlər yarana bilər.
Həkim tövsiyə edir ki, oyanandan sonra ilk bir saat ərzində mütləq yüngül səhər yeməyi qəbul edilsin. Günə bir stəkan ilıq su ilə başlamaq və daha sonra yumurta, kəsmik kimi qidalar seçmək daha faydalıdır. Qidanın quru olmaması da həzm prosesinin düzgün getməsi üçün vacib sayılır.
Bununla yanaşı, yemək zamanı həddindən artıq su içmək də məsləhət görülmür. Lisovskinin fikrincə, bir dəfəyə 150–200 millilitrdən artıq maye qəbul edildikdə həzm üçün vacib olan maddələrin təsiri zəifləyir. Bu isə qidanın tam parçalanmadan bağırsaqlara keçməsinə, orada qıcqırma və köp kimi problemlərin yaranmasına səbəb olur.
Mütəxəssis tez-tez və səbəbsiz qidalanmanın da təhlükəli olduğunu vurğulayır. Gün ərzində 5–6 dəfə yemək vərdişi hər kəs üçün uyğun deyil və çox zaman orqanizmi yükləyir. Qida qəbulları arasında ən azı 3–4 saat fasilə verilməsi daha düzgün hesab olunur. Davamlı qəlyanaltılar isə artıq çəkiyə və həzm pozğunluqlarına gətirib çıxara bilər.
Axşam saatlarında gec yemək də mədə üçün ciddi risk sayılır. Yatmazdan 3–4 saat əvvəl son qida qəbul edilməlidir. Əgər güclü aclıq hissi yaranarsa, az miqdarda qatıq içmək olar, lakin bu da yatmağa az qalmış edilməməlidir.
Həkim əlavə edir ki, stress də həzm sisteminə mənfi təsir göstərən əsas amillərdəndir. İnsan əsəbi halda, tələsik və ya diqqəti yayındıran mühitdə qidalandıqda, həzm sistemi zəifləyir, qidanın mənimsənilməsi çətinləşir. Bu səbəbdən sakit şəraitdə və diqqətlə qidalanmaq sağlam mədə üçün vacib şərtlərdən biri hesab olunur.






