Bir çox insan yemək zamanı su və ya digər içkilər qəbul etməyin həzmə zərər verdiyini düşünür. Mütəxəssislər isə bildirirlər ki, əsas məsələ içkinin özü deyil, onun temperaturudur.

Foodinfo.az aif.ru saytına istinadla xəbər verir ki, biokimyaçı və nutrisioloq Anna Divinskaya içkilərin temperaturunun həzm prosesinə təsiri ilə bağlı geniş yayılmış miflərə aydınlıq gətirib. Onun sözlərinə görə, soyuq suyun həzmi zəiflətməsi və isti içkilərin onu sürətləndirməsi barədə fikirlər tam doğru deyil.

Ekspert qeyd edib ki, qidaların həzmində əsas rolu fermentlər – amilaza, lipaza və proteaza kimi maddələr oynayır. Bu fermentlər insan bədəninin normal temperaturuna yaxın şəraitdə, yəni təxminən 36–37 dərəcə istilikdə daha effektiv fəaliyyət göstərir.

Mütəxəssis bildirib ki, çox isti içkilər mədədə temperaturu qısa müddətə artıraraq fermentlərin fəaliyyətini müvəqqəti zəiflədə bilər. Soyuq içkilər isə mədənin yığılmalarını bir qədər ləngitsə də, bu təsir qısa müddətli olur və orqanizm tərəfindən tez kompensasiya edilir.

Anna Divinskayanın sözlərinə görə, nə çox isti, nə də çox soyuq içkilər həzm prosesini dayandırmır. Lakin həddindən artıq isti içkilər mədənin selikli qişasına zərər verə bilər. Bu səbəbdən mütəxəssis otaq temperaturunda və ya ilıq içkilərə üstünlük verilməsini tövsiyə edir.