İsveçli alimlərin apardığı və 25 ili əhatə edən genişmiqyaslı araşdırma tamyağlı süd məhsullarının beyin sağlamlığına gözlənilməz faydalarını üzə çıxarıb. Tədqiqat nəticəsində məlum olub ki, gündəlik rasionda müəyyən miqdarda tamyağlı pendir və qaymağın olması demensiya və Altsheymer riskini aşağı salır. Foodinfo.az "Loughborough University" tərəfindən dərc olunan elmi rəyə istinadla xəbər verir ki, xüsusilə gündə 50 qramdan çox tamyağlı pendir istehlak edən şəxslərdə Altsheymer riski 13-17% daha az müşahidə olunur.

Bu tapıntılar uzun illərdir davam edən "aşağı yağlı pəhriz" tövsiyələrinə yeni bir baxış bucağı gətirir. Araşdırmada 27 mindən çox insanın qidalanma vərdişləri və sağlamlıq göstəriciləri analiz edilib. Alimlər qeyd edirlər ki, gündəlik 20 qramdan çox qaymaq qəbulu isə demensiya riskini ümumilikdə 16-24% azalda bilər. Maraqlıdır ki, bu müsbət təsir yalnız tamyağlı məhsullarda özünü göstərib, aşağı yağlı variantlarda isə eyni nəticə əldə olunmayıb.

Mütəxəssislər bu fenomenin süd piyindəki spesifik komponentlərin neyronları qoruma xüsusiyyəti ilə bağlı ola biləcəyini düşünürlər. Lakin tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu nəticələr hər kəs üçün keçərli olmaya bilər və fərdi genetik faktorlar böyük rol oynayır. Ürək-damar sağlamlığı üçün yağ miqdarına hələ də diqqət yetirilməsi vacibdir. Pendir və qaymaq kimi məhsulların balanslı şəkildə rasiona daxil edilməsi tövsiyə olunur.