Səhiyyə mütəxəssisləri səhər acqarına bal yeməyin faydalı olduğunu qeyd edirlər.

Foodinfo.az xəbər verir ki, araşdırmalara əsasən, təbii bal səhər acqarına qəbul edildikdə bədəndə enerji balansını bərpa edir, immun sistemini gücləndirir və həzm prosesini tənzimləyir.

Mütəxəssislər bildirirlər ki, balın tərkibindəki təbii antioksidantlar və antibakterial maddələr boğaz ağrılarına, öskürəyə və ağız boşluğundakı mikroblara qarşı mübarizədə təsirli rol oynayır.

Bununla belə, şəkərli diabet xəstələrinə və arı məhsullarına allergiyası olan şəxslərə baldan həkim məsləhəti ilə istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, gündəlik normanı aşmadan — 1 çay qaşığı miqdarında qəbul olunan balın orqanizm üçün zərəri deyil, xeyri vardır. Həkimlər acqarına bal qəbulunun daha çox təbii formada və qatqısız şəkildə olmasını vurğulayırlar.