Mikrodalğalı sobanın zərəri ilə bağlı müzakirələr illərdir davam edir. Mütəxəssislər bildirirlər ki, bəzi qidalar təkrar qızdırıldıqda həm faydalı xüsusiyyətlərini itirir, həm də sağlamlıq üçün təhlükə yarada bilər. Foodinfo.az The Daily Mail nəşrinə istinadla xəbər verir ki, avstraliyalı dietoloq Kim Lindsey mikrodalğada qızdırılması məsləhət görülməyən dörd məhsulu açıqlayıb.
1. Yumurta
Çiy yumurtalar soyuducuda uzun müddət saxlanıla bilsə də, bişmiş yumurtalar eyni davamlılığa malik deyil. Mütəxəssisin sözlərinə görə, salmonella bakteriyası 4–74 dərəcə temperatur aralığında sürətlə çoxalır. Bişmiş yumurtanı uzun müddət saxladıqdan sonra mikrodalğada qızdırmaq həm partlama riski yaradır, həm də qida zəhərlənməsinə səbəb ola bilər.
2. Düyü
Bir çox insan düyünü bir neçə günlük bişirib saxlayır və sonradan qızdırır. Lakin bişmiş düyüdə Bacillus cereus bakteriyasının sporları qala bilər. Bu sporlar yüksək temperatura davamlıdır və düzgün saxlanmadıqda qarın ağrısı, qusma və ishal kimi əlamətlərə səbəb ola bilər.
3. İspanaq
Yaşıl yarpaqlı tərəvəzlərdə olan nitratlar normal halda təhlükəli sayılmır. Ancaq təkrar qızdırıldıqda və bakteriyalarla qarşılıqlı təsirdə olduqda nitrozaminlərə çevrilə bilər. Bundan əlavə, düzgün saxlanmayan ispanaqda listeriya bakteriyası inkişaf edə bilər ki, bu da ciddi infeksiyalara yol aça bilər.
4. Kartof
Bişmiş kartof uzun müddət otaq temperaturunda saxlanıldıqda Clostridium botulinum bakteriyasının çoxalması riski yaranır. Bu isə nadir, lakin təhlükəli botulizm xəstəliyinə səbəb ola bilər. Xüsusilə süd, yağ və qaymaq əlavə olunmuş kartof püresi daha tez xarab olur və kifayət qədər qızdırılmadıqda zəhərlənmə riski artır.
Mütəxəssislər vurğulayırlar ki, qida təhlükəsizliyi üçün yeməklər düzgün temperaturda saxlanmalı, tez istehlak olunmalı və təkrar qızdırılarkən ehtiyatlı davranılmalıdır.






