Mədəaltı vəzin iltihabı (pankreatit), xolesistit və xüsusi qoruyucu pəhriz tələb edən digər mədə-bağırsaq xəstəlikləri olan şəxslərə duzlu balıq və kürü ilə hazırlanan blinləri yemək tövsiyə edilmir. Bu barədə həkim-diyetoloq Anna Belousova məlumat verib. Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, mütəxəssis belə içliklərin həzm sistemini yüklədiyini və xəstəliyin kəskinləşməsinə səbəb ola biləcəyini bildirib.
Onun sözlərinə görə, artıq çəkisi və şəkərli diabeti olan insanlar da mürəbbə və ya bal ilə çoxlu blin yeməkdən çəkinməlidirlər, çünki bu cür qidalar qanda şəkərin səviyyəsinin sürətlə yüksəlməsinə səbəb ola bilər.
Diyetoloq məsləhət görür ki, bir neçə blini müxtəlif içliklərlə yemək əvəzinə, bir blini bir neçə hissəyə bölüb hər hissəni az miqdarda fərqli içliklə dadmaq daha məqsədəuyğundur. Bu yanaşma həm orqanizm üçün daha təhlükəsizdir, həm də həzm sisteminə düşən yükü azaldır.






