Qəhvəyə əlavə edilən limon və ədviyyatlar həm dadı dəyişir, həm də sağlamlığa müsbət təsir göstərə bilər. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, qəhvənin dadını və təsirini artırmaq üçün ona müxtəlif qatqıların əlavə edilməsi son illər geniş yayılıb. Həkim-fizioloq İrina Lyalinanın sözlərinə görə, qəhvəyə əlavə edilən bəzi meyvə və ədviyyatlar içkini daha faydalı edə bilər. Mütəxəssis bildirib ki, son dövrlər qəhvəyə limon əlavə olunması xüsusilə populyarlaşıb. Onun sözlərinə görə, limonlu qəhvə damar xəstəliklərindən əziyyət çəkən və aşağı təzyiqi olan şəxslər üçün daha məqsədəuyğundur. Aşağı qan təzyiqi zamanı insanlar tez-tez halsızlıq və baş ağrısı hiss edirlər. Limon şirəsi tərkibindəki askorbin turşusu sayəsində damar divarlarının elastikliyini artırır və onların tonusunu yaxşılaşdırır. Bu səbəbdən təzyiqin aşağı olması ilə bağlı miqren yaşayan bəzi şəxslər limonlu təbii qəhvədən sonra özlərini daha yaxşı hiss etdiklərini qeyd edirlər.

İrina Lyalina qəhvəyə kardamon əlavə etməyi də tövsiyə edir. Onun sözlərinə görə, bu ədviyyat bağırsaq spazmlarının qarşısını alır, qanın qatılaşmasını azaldır və maddələr mübadiləsini yaxşılaşdırır. Həmçinin qəhvə qərənfil, zəncəfil və darçınla da yaxşı uyğunlaşır. Qərənfilin yüngül ağrıkəsici təsiri olduğu bildirilir. Zəncəfil və darçın isə antioksidantlarla zəngin olub, beynin fəaliyyətini gücləndirir və iltihabi prosesləri azaldır. Mütəxəssis qəhvəyə sarıkök və ya vanil əlavə etməyin də mümkün olduğunu vurğulayıb. Həkim eyni zamanda hər fincan qəhvədən sonra bir stəkan su içməyi məsləhət görür. Onun fikrincə, bu vərdiş qəhvə qəbulundan sonra yaranan qismən susuzlaşmanın qarşısını almağa kömək edir.