Acı yeməklər bir çoxları üçün dad zövqü yaratsa da, onların həddindən artıq qəbulu sağlamlıq baxımından təhlükəli ola bilər. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, bu barədə Znaj.ua və tibb mütəxəssislərinin açıqlamalarında məlumat verilib. Bildirilir ki, acı qidaların orqanizmə təsiri qəbul edilən miqdardan, insanın sağlamlıq vəziyyətindən və bədənin kapsaisin adlı maddəyə reaksiyasından asılıdır.

Mütəxəssislərin sözlərinə görə, acı bibər, souslar və müxtəlif ədviyyələrin verdiyi yanma hissinin əsas səbəbi kapsaisindir. Bu maddə sinir uclarını qıcıqlandıraraq bədəndə süni istilik hissi yaradır. Kapsaisinin miqdarı nə qədər çox olarsa, yanma hissi də bir o qədər güclü olur. İnsanların acı qidalara reaksiyası isə fərqlidir. Bəzi şəxslər zamanla acıya öyrəşir, digərləri isə az miqdarda acı qidadan belə ciddi narahatlıq keçirə bilər.

Xüsusilə acı yeməkləri nadir hallarda qəbul edən, mədə-bağırsaq sistemi problemləri olan və ya genetik həssaslığı mövcud şəxslər üçün risk daha yüksəkdir. Belə hallarda qarın ağrısı, ishal, güclü yanma hissi, ürəkbulanma, baş ağrısı və sinə nahiyəsində ağrı yarana bilər. Çox ağır vəziyyətlərdə turşulu qusma qida borusuna zərər verə və təcili tibbi müdaxilə tələb edə bilər. Bu səbəbdən həddindən artıq acı qidalarla bağlı müxtəlif sınaqların orqanizm üçün ciddi yük olduğu vurğulanır.

Cəmiyyətdə geniş yayılan yanlış fikirlərdən biri də acı qidaların xora yaratmasıdır. Mütəxəssislər bildirirlər ki, kapsaisin birbaşa xora səbəb olmur və hətta bəzi bakteriyaların fəaliyyətini zəiflədə bilər. Lakin artıq mövcud olan mədə xorası zamanı acı qidalar vəziyyəti daha da ağırlaşdıra bilər. Ölümcül təhlükə ilə bağlı qorxuların da şişirdildiyi qeyd olunur, çünki real həyatda təhlükəli dozaya çatmaq adi insan üçün demək olar ki, mümkün deyil.

Həkimlər güclü yanma hissi zamanı suyun faydasız olduğunu xatırladırlar. Kapsaisin suda həll olmadığı üçün su içmək vəziyyəti yüngülləşdirmir. Bunun əvəzinə süd, ayran, limonlu içkilər və ya çörək kimi məhsullar selikli qişanı daha tez sakitləşdirə bilər. Mütəxəssislər acı qidaların ölçülü şəkildə qəbul edilməsini və orqanizmin verdiyi siqnallara diqqət yetirilməsini tövsiyə edirlər.