Şəkərli diabet müasir dövrün ən böyük sağlamlıq problemlərindən biri hesab olunur və həkimlər bu xəstəliyin inkişafında həm həyat tərzi, həm də qida vərdişlərinin mühüm rol oynadığını bildirirlər.
Foodinfo.az xəbər verir ki, ABŞ-ın məşhur Mayo Clinic tibb mərkəzinin dietoloqu Dr. Andrea Dunn “CNN Health” portalına verdiyi açıqlamada lifli qidaların gündəlik menyuda artırılmasının qan şəkərinin tənzimlənməsi və diabet riskinin azalmasında böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Mütəxəssis izah edib ki, lif bədənin qidanı daha yavaş həzm etməsinə şərait yaradır və nəticədə qandakı qlükoza səviyyəsi kəskin dəyişmir, bu isə insulinin daha sabit işləməsinə şərait yaradır. Onun sözlərinə görə, paxlalılar, yaşıl yarpaqlı tərəvəzlər, yulaf, kəpəkli çörək və təbii meyvələr diabet xəstələrinin gündəlik rasionunda daim yer almalıdır. Dr. Dunn qeyd edib ki, bu məhsullar yalnız qandakı şəkərin tarazlanmasına deyil, eyni zamanda ürək-damar sisteminin qorunmasına da faydalıdır, çünki lif xolesterini aşağı salmağa kömək edir.

Həkim əlavə edib ki, lifli qidaların qəbulunun artırılması diabet xəstələrinə artıq çəkidən azad olmaqda da dəstək ola bilər. Çünki liflə zəngin məhsullar uzunmüddətli toxluq hissi yaradır və bu da çox yeməyin qarşısını alır. O, həmçinin xəbərdarlıq edib ki, hazır emal olunmuş məhsullarda “lifli” adı ilə satılan qidalar bəzən əlavə şəkər və yağ daşıya bilər, buna görə ən yaxşı seçim təbii tərəvəz və tam taxıllardır. Dr. Dunn-ın fikrincə, lifin gündəlik qəbulu qadınlarda 25 qram, kişilərdə isə 30 qram səviyyəsində olmalıdır və bu miqdara çatmaq üçün pəhrizə sadə dəyişikliklər kifayət edir.