Dəniz məhsulları arasında ton balığı həm qida dəyəri, həm də dadına görə xüsusi yer tutur. Foodinfo.az dietology.pro-ya istinadla xəbər verir ki, təzə dəniz ton balığı zülal və bir sıra qiymətli maddələrlə zəngindir, lakin uzunmüddətli saxlanma imkanı və əlçatanlığı səbəbindən konservləşdirilmiş ton daha çox istifadə olunur.
Mütəxəssislər bildirirlər ki, konserv ton balığı da təzə balıq kimi müxtəlif mikroelementlərlə zəngindir. Onun tərkibində sümüklərin və əzələlərin sağlamlığını qorumağa kömək edən kalium, enerji mübadiləsində iştirak edən maqnezium, immun sistemini gücləndirən D vitamini və sinir sistemi üçün vacib olan B qrupu vitaminləri mövcuddur. Bu vitaminlər eyni zamanda yeni eritrositlərin yaranmasında iştirak edərək anemiyanın qarşısının alınmasına dəstək verir.
Ton balığının əti demək olar ki, karbohidratsızdır və yüksək keyfiyyətli pəhriz zülalı ilə zəngindir. Bir porsiya konserv ton gündəlik zülal ehtiyacının təxminən 50 faizini ödəyə bilər.
Tərkibindəki omeqa-3 yağ turşuları “pis” xolesterinin səviyyəsinin azalmasına kömək edir. Diyetoloqlar həftədə ən azı iki dəfə balıq qəbul etməyi tövsiyə edirlər ki, bu da ürək-damar xəstəlikləri riskini azalda bilər. ABŞ-da 45–84 yaş arası 40 min nəfərin iştirakı ilə aparılan araşdırma da göstərib ki, konserv ton balığı göz sağlamlığı üçün faydalıdır. Yağ turşularının yüksək miqdarı “quru göz” sindromu riskini azaldır və tor qişanın vəziyyətini yaxşılaşdırmağa kömək edir.
Bununla belə, məhsulun müəyyən riskləri də var. Əsas problem ton balığında civənin mövcudluğudur. Bu ağır metal su hövzələrinin çirklənməsi nəticəsində balıqlara keçir. Qeyd olunur ki, konservlər adətən daha gənc və kiçik balıqlardan hazırlandığı üçün civə səviyyəsi təzə və ya dondurulmuş file ilə müqayisədə daha aşağı olur.
Digər məqam isə konserv məhsullara əlavə olunan duz və ədviyyatların miqdarıdır. Həddindən artıq istehlak şişkinlik və orqanizmdə maye balansının pozulmasına səbəb ola bilər.
Ekspertlər həmçinin qablaşdırmaya diqqət yetirməyi tövsiyə edirlər. Bəzi konserv bankalarının daxili örtüyündə bisfenol A qalıqları ola bilər. Alış zamanı bankada əzik, çat və ya şişkinlik olub-olmadığını yoxlamaq vacibdir. Bu cür qüsurlar qida zəhərlənməsi riskini artıra bilər.






