İngiltərədə aparılan araşdırmalara görə kartof qaraciyər üçün zərərli bir qida növüdür. Araşdırmaların sonucunda alimlər deyiblər ki, kartof qaraciyərə ən az spirtli içkilər qədər zərər verir. Araşdırmanı aparan professorlar həyatı boyu spirtli içki içməyənlərin məhz karbohidrata görə qaraciyər çatışmazlığı ilə üzləşə biləcəklərini vurğulayıb. Gündəlik olaraq istifadə etdiyimiz kartof və çörək kimi yüksək miqdarda karbohidrat ehtiva edən qidalar qaraciyəri məhv etməklə yanaşı, ürək və damar sistemi üçün də təhlükəli hesab edilir. Belə qidalar şəkər xəstəliyinə yaxalanmaq riskini artırır. 

Maraqlıdır, doğrudanmı kartof zərərlidir, yoxsa bu, ingilis araşdırmaçıların uydurmasıdır?

İnternet üzərindən apardığımız araşdırmalara görə, kartof xalq təbabətində qida əhəmiyyətli, dərman xüsusiyyətli, texniki və nektar təbiətli bitki sayılır. Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın müalicəsində istifadə edilir. 

Kartofun zərərlərinə gəlincə isə bir sıra həkimlər qızardılmış kartofun olduqca zərərli olduğunu deyirlər. Qızardılma zamanı kartofun faydalı xüsusiyyətləri itir, ziyanı isə kosmik sürətlə artır. Məhz bu səbəbdən mədə-bağırsaq sistemi pozulmaları olan insanlar üçün qızardılmış qidaların qəbulu əks-göstərişdir. Lakin ingilis araşdırmaçıların qeyd etdiyi kimi, kartofun ümumilikdə qaraciyər üçün zərərli bir qida olması həqiqəti əks etdirmir. 

Tanınmış həkim, təbii üsullarla müalicə eksperti Seyfəddin Əsəd də kartofun qaraciyərə zərərli olması fikri ilə razılaşmadığını bildirdi: “Kartof ikinci çörək adlanır. Çörəkdən sonra insanı doyuzduran kartof və düyüdür. Çörəyin özündə müəyyən ziyanlılıq var ki, kartofda bu yoxdur. Rusiyada göyərti yoxdur, şaxtadır. Burada insanları yaşadan, vitamin C verən kartofdur. Mədə yarasını sağaldan yeganə vasitə kartofun şirəsidir. Yanığı, yaranı sağaldan, mədənin turşuluğunu götürən kartof şirəsidir. Soruşurlar ki, qurd xəstəliyinə qarşı nə yemək olar, deyirik ki, kartof soyutması. Kartof heç nəyə zərəri olmayan bir qidadır. Kartof həyatdır. Hətta xərçəng xəstəliyinə qarşı da kartof şirəsindən istifadə mühüm rol oynayır. Mən bir həkim kimi kartofun zərərli bir qida olması haqqındakı fikirləri qəbul etmirəm. Bir də görürsünüz ki, yazırlar ki, kofe ziyanlı içkidir. Digər yandan da yazır ki, kofe xərçəngi müalicə edir. Neçə illik tarixdə kartofun zərəri haqda heç bir qeyd yoxdur”.