Klinik psixoloq Yuliya Voronina iş saatlarında verilən nahar fasiləsinin həm bədən, həm də zehnin bərpasında mühüm rol oynadığını bildirib.
Foodinfo.az bildirir ki, “Yasno” xidmətinin mütəxəssisi insanların bu qısa fasiləni yalnız yemək üçün deyil, həm də istirahət və emosional rahatlama üçün istifadə etməsinin vacibliyini vurğulayıb.
Mütəxəssisə görə, yeməkdən sonra bir neçə dəqiqəlik gəzinti beyni aktivləşdirir, stressi azaldır və diqqəti cəmləməyə kömək edir. Voronina əlavə edib ki, açıq havada qısa yürüşlər, dərin nəfəs məşqləri və sadə fiziki hərəkətlər enerjini bərpa etməyə kömək edən sadə, lakin effektiv üsullardır.
Onun sözlərinə görə, nahar fasiləsində həmçinin art-terapiya və ya kiçik kinestetik məşqlər də faydalıdır. Bu fəaliyyətlər həm əhvalı yüksəldir, həm də zehni çevikliyi artırır. Psixoloq bildirib ki, “özünə vaxt ayırmaq” iş rejiminin vacib hissəsi olmalı, fasilə zamanı sosial şəbəkələr və ya işlə bağlı söhbətlərdən uzaq durmaq tövsiyə edilir.
Voronina vurğulayıb ki, nahar fasiləsini düzgün planlaşdıran insan günün ikinci yarısında daha məhsuldar olur və zehni yorğunluq hiss etmir.






