Düzgün qidalanmada zülal (protein) ən vacib elementlərdən biridir. O, yalnız əzələ kütləsinin saxlanması üçün deyil, həm də immun sisteminin güclü qalması, orqanizmin zədələrdən tez bərpa olunması üçün lazımdır. Xüsusilə 50 yaşdan sonra əzələ toxumasının sürətlə azalması (sarkopeniya) təhlükəli xəstəliklərə yol aça bilər. Bu səbəbdən dietoloqlar gün ərzində hər payda — səhər, günorta və axşam yeməklərində az da olsa zülalın olmasını tövsiyə edirlər.

Foodinfo.az xəbər verir ki, çox insanın eşitdiyi məşhur bir məsləhət var: “Əti meyvə ilə yemə, əks halda zülal həzm olunmaz!”. Bəs bu, doğrudurmu? Biokimyaçı və nutrisioloq Anna Divinskayanın sözlərinə görə, bu fikir elmi əsası olmayan köhnə bir mifdir.

Zülal və meyvə niyə “düşmən” sayılırdı?

Bir vaxtlar geniş yayılan “ayrı-ayrı qidalanma sistemi” iddia edirdi ki, zülallar və karbohidratlar müxtəlif həzm mühitləri tələb edir və birgə qəbul olunanda qarında “çürümə və qazlanma” yaradır. Lakin müasir tədqiqatlar sübut edib ki, sağlam insanın həzm sistemi eyni anda həm ət, həm tərəvəz, həm də meyvəni problemsiz həzm edə bilir. Mədə və bağırsaqlar kifayət qədər ferment istehsal edir və heç bir məhsul başqasının “fəaliyyətinə mane” olmur.

Əslində isə meyvə kömək edir

Ekspert bildirir ki, məsələn, portağal və ya armuddakı C vitamini ət və balıqdan gələn dəmirin mənimsənilməsini artırır. Bu, xüsusilə qadınlar üçün vacibdir, çünki dəmir çatışmazlığı və anemiya ən çox onlarda rast gəlinir. Meyvələrin tərkibindəki lif (kletçatka) isə həzmi bir qədər yavaşıdaraq uzun müddət toxluq hissi yaradır və bağırsaq mikroflorasını qoruyur.

Zülalın mənimsənilməsini artıran digər qidalar

Tərəvəzlər – antioksidantlar və vitaminlərlə zəngindir, həmçinin dəmirin mənimsənilməsini gücləndirir.

Sağlam yağlar – zeytun yağı, avokado, qoz-fındıq yağda həll olan A, D, E və K vitaminlərinin udulmasına kömək edir.

Taxıl və paxlalılar – yavaş həzm olunan karbohidrat və lif qaynağı olaraq bağırsağın fəaliyyətini dəstəkləyir, enerjini sabit saxlayır.

Nəticə: balans hər şeydən vacibdir

Mütəxəssislər vurğulayırlar ki, “filan məhsulu bu qida ilə yemə” tipli qadağaların əksəriyyəti mifdir. Əsas məsələ qidanı balanslı şəkildə qəbul etməkdir: boşqabda həm zülal, həm tərəvəz, həm də faydalı yağlar və yavaş karbohidratlar olmalıdır. Belə olduqda orqanizm hər bir qidadan maksimum fayda götürəcək.