Yumurta və mal ciyərində olan xolin maddəsinin beyin sağlamlığı üçün mühüm rol oynadığı məlum olub. Foodinfo.az bildirir ki, mütəxəssislərin fikrincə, xolinin kifayət qədər qəbul edilməməsi idrak funksiyalarının zəifləməsinə və Altsheymer xəstəliyi riskinin artmasına səbəb ola bilər. Tanınmış bioloq Ança Baranova qeyd edir ki, beyin xolin çatışmazlığını tez hiss edir və bunu artan narahatlıq hissi ilə “siqnal” verir. Onun sözlərinə görə, xolindən kasad pəhriz uzun müddət davam edərsə, yaddaş problemləri və zehni zəifləmə qaçılmaz olur.
Xatırladaq ki, yaddaş pozuntuları Altsheymer xəstəliyinin əsas əlamətlərindən sayılır. Bu, adi unutqanlıqdan fərqli olaraq, insanın gündəlik həyatına ciddi maneə yaradan pozuntularla müşayiət olunur. Məsələn, insan öz ev ünvanını unuda və ya təkbaşına evinə qayıtmaqda çətinlik çəkə bilər. Alimlərin apardığı araşdırmalar da bu əlaqəni təsdiqləyir. Kaliforniyada aparılan tədqiqat zamanı narahatlıq pozuntusu olan şəxslərin beynində xolin səviyyəsinin sağlam insanlarla müqayisədə təxminən 8 faiz aşağı olduğu müəyyən edilib. Bu azalma xüsusilə düşünmə, emosional tənzimləmə və qərarverməyə cavabdeh olan prefrontal korteksdə daha qabarıq müşahidə olunub.
Maraqlıdır ki, yumurtanın xolesterini artırdığı ilə bağlı geniş yayılmış fikir də tam doğru deyil. Mütəxəssislər bildirir ki, yumurta əksinə, düzgün miqdarda istifadə edildikdə xolesterin balansına mənfi təsir göstərmir. Xolin isə hüceyrə membranlarının tərkib hissəsi olmaqla yanaşı, qaraciyərin, ürək-damar sisteminin və beynin normal fəaliyyətini dəstəkləyir. Bioloqlar vurğulayır ki, bəzən orqanizmin yumurta və ya ciyər istəyi təsadüfi deyil. Bundan əlavə, xolinin digər mənbələri sırasında ət, balıq, dəniz məhsulları, paxlalılar, qoz-fındıq və tam taxıllı məhsullar da yer alır. Bu qidalar xolinin gündəlik ehtiyacını qarşılamağa kömək edən vacib alternativlər hesab olunur.






